ELM VƏ TƏHSİL
ACC-nin üzvləri “Yarıdağ-2016” açıq beynəlxalq festivalında iştirak edəcəklər
Bakı,5 iyul, AZƏRTAC
Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılov və informasiya texnologiyaları mütəxəssisi Üzeyir Mikayılov iyulun 9-dan 16-dək Rusiya Federasiyasının Dağıstan Respublikasında turizmin ekstremal növləri üzrə keçiriləcək “Yarıdağ-2016” açıq beynəlxalq festivalında iştirak edəcəklər. Festival Dağıstanın Turizm və Bədii Sənətkarlıq Nazirliyi, Rusiya Fövqəladə Hallar Nazirliyinin Axtarış Xilasetmə Dəstəsi, Dağıstanın İdman Turizmi Federasiyası tərəfindən təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə ekstremal vəziyyətlərdə praktik bilik və bacarıqlardan istifadə, dağlıq ərazilərdə turizm və alpinizmin inkişafı, sağlam həyat tərzinin və fəal istirahət növlərinin təbliği və digər məsələlər müzakirə olunacaq.
ACC-nin üzvləri proqram çərçivəsində Azərbaycanın Rusiya ilə sərhədində yerləşən və ölkəmizin ən yüksək zirvəsi olan Bazardüzü dağına (4466 metr) yürüş edəcək, orada Azərbaycanın və ACC-nin bayrağını dalğalandıracaqlar.