MƏDƏNİYYƏT
“AÇILMAMIŞ SƏHİFƏLƏRİN İZİ İLƏ”
Tarix elmləri namizədi Ataxan Paşayevin “Azərbaycan” nəşriyyatı tərəfindən çapdan buraxılmlş yeni kitabı belə adlanır. Kitabda müəllifin 1991-ci ildən bəri qələmə aldığı və xalqımızın tarixinin uzun müddət qadağan olunmuş səhifələrinə həsr edilmiş çoxsaylı məqalələri toplanmışdır. Elmi-publisistik səpkili bu məqalələrin bütünlüklə arxiv materialları əsasında yazılması onların dəyərini daha da artırır.
“Azərbaycan Xalq Cümhuriyyəti tarixindən” adlı bölmədə müşəlman şərqində ilk demokratik respublikanın fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən məqalələr toplanmışdır. Xatırladaq ki, bunlar həmin mövzuda ilk araşdırmalardandır.
Kitabın ayrıça bir bölməsi nankor ermənilərin Azərbaycan xalqına qarşı uzun illər boyunca törətdikləri vəhşilikləri, fitnə-fəsadları ifşa edən arxiv sənədlərinin aşkara çıxarılıb xalqımıza çatdırılması sahəsində müəllifin gərgin zəhmətinin bəhrəsi olan məqalələrdən ibarətdir. Bu baxımdan “Tarixi həqiqətlər və erməni uydurmaları”, “Bakıda 1918-ci il mart faciəsi”, “Şamaxı faciələri”, “Zəngəzur faciələri”, “Quba qırğınları”, “Qarabağ bölgəsində erməni vəhşilikləri”, “Deportasiya”, “Ermənilər Dağlıq Qarabağa muxtariyyəti necə verdiriblər?”, “Ermənilərin ərazi iddiaları necə yaranmışdır” və digər məqalələr diqqəti cəlb edir.
“Tarixdən səhifələr” adlı sonuncu bölmədəki “Xeyirxahlıq mücəssəməsi”, “Azərbaycanda sovet totalitar rejimi necə yarandı?”, “Naxçıvan muxtariyyəti necə yarandı?” və başqa məqalələr son dövrədək gizli saxlanılan, yaxud oxucuya məlum olmayan sənədlər əsasında qələmə alınmışdır. Həmin bölmədəki “Mirzə Cəlil haqqında yeni sənədlər”, “Üzeyir dühası” məqalələrində isə xalqımızın bu iki böyük şəxsiyyətinin həyatına dair yeni sənədlərdən bəhs olunur. Respublikamızın görkəmli ziyalıları, Ədəbiyyat və İncəsənət Arxivinin yaranması və təşəkkülündə təmənnasız köməyi olmuş mərhum Əziz Şərif və Abbas Zamanov haqqında xatirələr böyük ehtiramla qələmə alınmışdır.
Şübhəsiz ki, A.Paşayevin bu kitabı təkcə geniş oxucu kütləsi üçün deyil, tədqiqatcılar, ali məktəb tələbələrindən ötrü də qiymətli olacaqdır.