MƏDƏNİYYƏT
ƏDƏBİYYAT MUZEYİNDƏ ELMİ SESSİYA
Aprelin 17-də Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində milli dramaturgiyamızın banisi, mütəfəkkir və filosof Mirzə Fətəli Axundovun anadan olmasının 190 illiyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.
Sessiyanı giriş sözü ilə muzeyin direktor müavini, filologiya elmləri namizədi Məhəbbət Mehdiyeva açdı.
Muzeyin şöbə müdiri, filologiya elmləri doktoru Qəzənfər Paşayev “Axundovun şəxsiyyət kimi yetişməsində dillərin rolu”, filologiya elmləri doktoru Kamran Əliyev “M.F.Axundov və geopolitika”, Yazıçılar Birliyinin katibi, filologiya elmləri namizədi Arif Əmrah oğlu “M.F.Axundovun şəxsiyyəti və sənəti”, muzeyin şöbə müdiri, filologiya elmləri namizədi Gülbəniz Babaxanova “M.F.Axundovun poeziyası”, Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi Siracəddin Hacı “M.F.Axundov və çağdaş türk ədəbiyyatşünaslığı” mövzusunda məruzələrlə çıxış edərək, böyük ədibin çoxcəhətli yaradıcılığının məziyyətlərindən, Azərbaycan ədəbi və ictimai fikrinin inkişafındakı müstəsna rolundan danışdılar.