SİYASƏT
ƏDALƏT MÜHAKİMƏSİNƏ QAYĞININ NÖVBƏTİ TƏZAHÜRÜ
Azərbaycan Respublikasında aparılan məhkəmə-hüquq islahatı nəticəsində yeni 3 pilləli məhkəmə sistemi yaradılmış, ölkəmizin tarixində ilk dəfə olaraq hakimlər test və müsahibə yolu ilə şəffaf prosedur əsasında seçilərək müstəqil məhkəmə hakimiyyəti bərqərar olunmuşdur. Məhkəmələrin ədalət ocağı kimi yüksək statuslarının təmin edilməsinə xüsusi əhəmiyyət verən ölkəmizin Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qısa müddət ərzində bir çox məhkəmələr üçün müasir tələblərə cavab verən binalar ayrılmış və onların əsaslı təmir edilməsi təmin olunmuş, Ədliyyə Nazirliyi tərəfindən həmçinin, məhkəmələr kompüter və digər ən yeni tipli təşkilati-texniki və başqa avadanlıqla təchiz edilmişlər.
Bu günlərdə təmir və yenidənqurma işlərinin başa çatması ilə əlaqədar Əzizbəyov rayon məhkəməsi binasının təntənəli açılışı olmuşdur.
Tədbirdə çıxış edən Ədliyyə Naziri Fikrət Məmmədov məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə ölkədə müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması istiqamətində əldə edilmiş nailiyyətlərdən danışmış, yaradılmış iş şəraitinin ədalət mühakiməsinin səmərəliliyinə xidmət edəcəyinə, məhkəmə qərarlarının qanunun aliliyinə, humanizmə, qərəzsizliyə və bu kimi digər ali prinsiplərə söykənərək ədalətin təntənsinə səbəb olacağına ümid etdiyini bildirmiş, məhməkəməyə müasir tipli kompüter dəsti, faks qurğusu, çap makinası və çoxsaylı hüquq ədəbiyyatı təqdim etmişdir.
Nazir Fikrət Məmmədov Əzizbəyov rayon məhkəməsi hakimlərinə ölkəmizin ədliyyə və məhkəmə tarixində ilk dəfə tətbiq olunan hakimlərin xüsusi geyim formasını təqdim etmiş, bu münasibətlə onları təbrik etmişdir.
Əzizbəyov rayon İcra Hakimiyyətinin, Hüquq-mühafizə və ədliyyə orqanları rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, Bakı şəhərinin rayon məhkəmələri hakimlərinin iştirak etdiyi tədbirdə Ali məhkəmə Sədrinin müavini H.Sadıqov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin Sədri A.Tağıyev, rayon İcra Hakimiyyətinin başçısı G.İslamov, hakimlər və digərləri çıxış edərək möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə, hakimlərinin nüfuzunun artırılmasına göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, hakim adının və ləyaqətinin daim uca tutulmasını arzulamışlar.
ƏDLİYYƏ NAZİRLİYİNİN
MƏTBUAT XİDMƏTİ