CƏMİYYƏT


“ADA” Universiteti 2017-2018-ci tədris ili üçün tələbə qəbuluna başlayır

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-dən “ADA” Universiteti 2017-2018-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbuluna başlayır. Qəbul mövsümü Azərbaycan vətəndaşları üçün aprelin 1-dək, xarici vətəndaşlar üçün isə avqustun 1-dək davam edəcək.

“ADA” Universitetindən AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağı növbəti tədris ili üçün diplomatiya və beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, ictimai siyasət, təhsilin idarə olunması üzrə magistr təhsili təklif edir.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 43 müxtəlif ölkədən olması bu ali təhsil ocağında zəngin beynəlxalq mühit yaradır. Universitetdə ixtisaslar üzrə dərslər yerli və xarici müəllimlər tərəfindən aparılır. Xüsusilə də, biznesin idarə edilməsi və təhsilin idarə edilməsi üzrə ixtisaslarda tədris Niderlandın Maastrixt Menecment Məktəbinin və ABŞ-ın Miçiqan Dövlət Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Təhsil müddətində tələbələr “ADA” Universitetinin akademik tərəfdaşları olan, dünyanın 22 ali təhsil ocağının birində təhsil mübadiləsində iştirak edə bilərlər. “ADA”da fəaliyyət göstərən Karyera Mərkəzi ilk kursdan başlayaraq tələbələrə məşğulluq bazarı ilə tanışlığa, ixtisasları üzrə müxtəlif dövlət və fərdi qurumlarda təcrübə qazanmağa imkan yaradır. Bunun nəticəsində məzunlar arasında məşğulluq göstəricisi 84 faizdir.

“ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin, ingilis dili üzrə İELTS və ya TOEFL imtahanlarında müsbət nəticə əldə etməlidirlər. İlkin mərhələdən keçən abituriyentlər “ADA” Universitetində müsahibədə iştiraka dəvət olunurlar. Yüksək akademik göstəricilər nümayiş etdirənlərə “ADA” Universiteti tərəfindən təhsil haqqına güzəştlər və uzunmüddətli sosial tələbə kreditləri təklif olunur.

“ADA” Universitetində təhsil almaq istəyənlər bu ali təhsil ocağının veb-səhifəsinə (ada.edu.az) daxil olub elektron ərizə formasını doldurmaqla, əlavə suallarla isə [email protected] ünvanına müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.