ELM VƏ TƏHSİL


“ADA” Universiteti G7 dövlət və hökumət başçılarına rəy və təkliflər verən ekspert qrupuna daxil edilib

Bakı, 16 may, AZƏRTAC

“ADA” Universiteti “Böyük yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçılarının zirvə toplantısı ərəfəsində “Qloballaşma dövründə dayanaqlı inkişaf” mövzusunda rəy və təkliflər verən ekspert qrupuna daxil edilib. G7 ölkələrinin dövlət və hökumət başçıları üçün rəy və təkliflər hazırlayan beynəlxalq elmi icma Romada ikigünlük müzakirələr aparmaq üçün bir araya gəlib.

“ADA” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İtaliyanın Tor Verqata və Link Kampus universitetlərinin təşəbbüsü ilə keçirilən ikigünlük müzakirələrdə Avropanın və ABŞ-ın aparıcı elm ocaqları və beyin mərkəzləri, İtaliyada akkreditə olunmuş diplomatlar, Vatikanın nümayəndələri və BMT Baş Məclisinin Dayanıqlı İnkişaf Hədəfləri üzrə xüsusi müşaviri iştirak ediblər. Müzakirələrdə Avrasiyanı Rusiyanın Moskva Dövlət Universiteti və Azərbaycanın “ADA” Universiteti təmsil edib.

Müzakirələrin ilk günündə elmi icmanın rəy və təkliflərinin ilkin konsepsiya sənədi gündəliyə çıxarılıb. Sənədə Fransanın Science-Po, ABŞ-ın Forddham və İtaliyanın Tor Verqata universitetlərinin alimlərinin qloballaşma və proteksionizm siyasətinin müqayisəli təhlili, beynəlxalq ticarət, qeyri-bərabərlik və yoxsulluq, eləcə də dayanaqlı və inklüziv inkişafla bağlı tezisləri daxil edilib.

Təşkilatçı Link Kampus Universitetinin prezidenti professor Vinçenzo Skotti bildirib ki, budəfəki elmi müzakirələrə təkcə G7 ölkələrinin deyil, beynəlxalq aləmdə baş verən hadisələrə təsir gücünə malik digər ölkələrin elmi nümayəndələri də dəvət olunublar.

Toplantının ikinci günündə konsepsiya sənədinin müzakirəsi zamanı çıxış edən “ADA” Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva vurğulayıb ki, qloballaşma prosesi və onun tənzimlənməsində Azərbaycan kimi ölkələrin səsinin eşidilməsi vacibdir. Gözlənilməyən həll yolları gözlənilməyən istiqamətdən gələ bilər deyən Azərbaycan nümayəndəsi xatırladıb ki, bir neçə gün əvvəl İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin ildönümünü qeyd edən dünya ictimaiyyəti bu bəlanın məhz Azərbaycanın enerji ehtiyatları və ölkəmizin o vaxtkı nou-xau texnologiyaları hesabına dəf edildiyini unutmayıb. “ADA” Universitetinin nümayəndəsi konsepsiya sənədini şərh edərək bildirib ki, bu gün kommunikasiyanın bütün sahələrdə əvəzedilməz rolunu nəzərə alaraq, təyinlərin elmi icma tərəfindən daha yaxşı aşılanması vacibdir. Əgər qloballaşma prosesi davamlı təhdid kimi qəbul olunursa, bu, hakimiyyətlərin vizyonuna və onların fəaliyyət planına da proteksionist təsirlər göstərəcək. Lakin qloballaşmanı müasir dövrdə qaçılmaz çağırışlara birgə cavab kimi görən dövlətlər bunu nəinki özlərinə təhdid hesab edir, əksinə, milli kimliklərinin ən güclü tərəflərini qlobal kontekstdə çağırışlarla mübarizəyə yönəldirlər. Belə ki, Azərbaycan son illər sivilizasiyalararası forumların ev sahibinə çevrilərək öz milli kimliyinə məxsus qədim multikultural dəyərlərinə əsaslanır, anlaşma və sülh carçısına çevrilib. Dünyanın əksər bölgələrinə multikultural dəyərlər tənəzzülə uğradığı bir dövrdə Azərbaycanda bu dəyərlər əsl intibah dövrünü yaşayır.

Müzakirələr zamanı qlobal liderliklə bağlı debatlara da toxunan Şəfəq Mehrəliyeva bildirib ki, hər ölkə öz liderlərini özü yetişdirir. O deyib: “Mənim təmsil etdiyim universitet Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılıb və bu gün 43 müxtəlif ölkənin nümayəndəsinin təmsil olunduğu icmaya çevrilib. Burada yerli və xarici müəllimlər tərəfindən yetişdirilən beynəlmiləl tələbə qrupu təhsillərini bitirib ölkələrində nüfuz sahibinə çevrilirlər. Onlar təkcə milli deyil, həm də beynəlxalq maraqlardan çıxış edən liderlər, bölgədə baş verənlərdən məlumatlı olub düzgün təhlil apara bilən mütəxəssislər kimi yetişirlər”.

Dayanıqlı inkişafın təmin edilməsi üçün təhsilin rolu əvəzedilməzdir deyən “ADA” Universitetin nümayəndəsi onu da vurğulayıb ki, qloballaşan dövrdə bilik və innovasiya həm milli, həm də beynəlxalq iqtisadiyyatların mühərrikidir. Bilikli və bacarıqlı insan kapitalı uzunmüddətli inkişafı sığortalayan amildir. Lakin əgər təhsilin qiyməti onun nəticəsində qazanılandan çoxdursa, bu, gəncləri sinif otaqlarından kənar saxlayaraq ölkələrin insan kapitalı keyfiyyətinə mənfi təsir göstərə bilər. Bu meylin aradan qaldırılması üçün təhsilə davamlı yatırımlar və subsidiyalar şərtdir.

İkigünlük müzakirələrdə səslənən ekspert rəyləri toplanaraq təhlil olunub və yekun sənədin hazırlanması üçün İtaliyanın Xarici İşlər və Beynəlxalq İnkişaf nazirliyinə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.