ELM VƏ TƏHSİL
“ADA” Universiteti məktəblilər arasında ikinci ingilis dili olimpiadasını elan edir
Bakı, 11 fevral, AZƏRTAC
“ADA” Universitetinin təşkilatçılığı ilə Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında ikinci ingilis dili olimpiadası keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, fevralın 19-da Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunacaq olimpiadanın ilk mərhələsində şagirdlərin ingilis dilinin qrammatikası üzrə bilikləri və mətni oxuyub anlama bacarıqları yoxlanılacaq. Yüksək nəticə göstərmiş məktəblilər olimpiadanın martın 12-də keçirilməsi nəzərdə tutulan ikinci turunda iştirak edəcək və onların dinləmə, esse yazma qabiliyyətləri yoxlanılacaq. Qaliblər “ADA” Universitetində mükafatlandırılacaqlar.
Ötən il “ADA” Universitetinin “Focus” tələbə klubunun təşəbbüsü ilə başlanan olimpiada bu il nəinki iştirakçıların coğrafiyasını genişləndirib, həm də ingilisdilli təhsillə məşğul olan təşkilatlarla tərəfdaşlıq edir. Bilik yarışmasının sualları “British Council” tərəfindən hazırlanır.
“ADA” Universitetinin Təhsil İnstitutunun dekanı Vəfa Kazdal bildirib ki, Azərbaycanda son vaxtlar ingilis dilinə tələbat artmaqdadır. Xüsusilə də gənclər ingilisdilli təhsilin onlara geniş imkanlar açdığını başa düşürlər. Belə ki, onlar akademik məqsədlər üçün də ingilis dilini öyrənməyə çalışırlar. Tələbələrin sosial bir layihə kimi başlatdıqları bu olimpiada ilk gündən “ADA” Universiteti tərəfindən dəstəklənir. Ötən il olimpiadada əldə edilən nəticələr, şagirdlərin yarışa olan həvəs və bacarıqları bizi daha da ruhlandırdı. Əminəm ki, bu il də olimpiada iştirakçıları arasında xeyli istedadlara rast gələcəyik.
Olimpiadada iştirak etmək üçün məktəblilər fevralın 14-dək www.olympiad.ada.edu.az saytında qeydiyyatdan keçə bilərlər.