CƏMİYYƏT
ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi yay düşərgəsi yekunlaşıb
Bakı, 18 iyul, AZƏRTAC
ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin məktəblilər üçün təşkil etdiyi yay düşərgəsi yekunlaşıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iki həftə ərzində 80-dən çox şagird tullantıların idarə olunması, ətraf mühitin qorunması və digər mövzularda təlimlərdə, praktik məşğələlərdə və turlarda iştirak ediblər.
İyulun 18-də ADA Universitetində yay düşərgəsinin yekunlarına dair keçirilən tədbirdə iştirakçılar düşərgədə əldə etdikləri bilik və təcrübələr haqqında danışıblar, təəssüratlarını bölüşüblər. Daha sonra yay düşərgəsində iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olunub.
İyunun 20-dən iyulun 18-dək müddətdə təşkil olunan düşərgədə iştirakçılar tullantılarla rəftar, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak ediblər, "Təmiz Şəhər"in Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və yandırılması zavodlarına baş çəkib iş prosesi ilə yerində tanış olublar. Həmçinin yeniyetmələr üçün Qalada yerləşən "Tullantıdan sənətə" muzeyinə tur təşkil olunub. Burada iştirakçılara tullantı materiallarından istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədilib.
Məktəblilərə, həmçinin kommunikasiya, media, fotoqrafiya, kompyuter proqram təminatı kimi sahələr üzrə ölkənin ən öndə gedən mütəxəssisləri dərslər keçiblər. Düşərgənin akademik və yaradıcı hissədən ibarət olan proqramı ilə iştirakçılar ümumi dünyagörüşlərini, məntiqi və tənqidi təfəkkürlərini inkişaf etdirib, yeni dostlar qazanıblar.