CƏMİYYƏT


“ADA” Universitetində Avropa İttifaqı araşdırmaları üzrə yeni təhsil proqramı yaradılacaq

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

“ADA” Universiteti və Litvanın texniki sahə üzrə ixtisaslaşmış ali təhsil müəssisələrindən olan Kaunas Texnologiya Universiteti (KTU) arasında razılaşma memorandumu imzalanıb.

“ADA” Universitetindən AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində bu ali təhsil ocağının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri, xanım Malena Mard iştirak ediblər.

Memoranduma əsasən, bu ali təhsil ocağının ictimai və beynəlxalq münasibətlər fakültəsində Avropa İttifaqı (Aİ) araşdırmaları üzrə yeni magistr təhsilinin verilməsi məsələsi tədqiq ediləcək. Aİ-nin 350 min avro dəyərində qrantı ilə maliyyələşdirilən bu layihə qarşısına bir sıra məqsədlər qoyulub. Belə ki, gələn ilin sonunadək “ADA” Universitetində Aİ məsələləri üzrə ən azı səkkiz ixtisas kursları hazırlanıb sınaqdan keçirilməli, bu kursları aparan müəllimlər müəyyənləşdirilməli, yeni magistratura proqramının akkreditasiyası üçün keyfiyyətin təminatı mexanizmi yaradılmalıdır. Layihə çərçivəsində Avropanın bir sıra aparıcı ali təhsil ocaqları ilə əməkdaşlıq edəcək “ADA” Universiteti əsas tərəfdaşı olan KTU-nun Aİ üzrə təklif etdiyi akademik proqramlar təcrübəsindən yararlanmaq niyyətindədir.

Qeyd edək ki, “ADA” Universitetində 2013-cü ildən etibarən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi fəaliyyət göstərir. Mərkəz ölkə ictimaiyyətinin Aİ haqqında biliklərini təkmilləşdirmək məqsədilə dövlət qulluqçuları, tələbələr, şagirdlər də daxil olmaqla, ictimai qruplar üçün təhsil və təlim kursları həyata keçirir. Dövlət strukturlarının təlim ehtiyaclarından asılı olaraq bu kurslar Aİ ilə bağlı siyasi, iqtisadi biliklər, enerji, ətraf mühit qanunvericiliyi, informasiya texnologiyaları və media, insan hüquqları, miqrasiya və təhlükəsizlik kimi mövzuları əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.