SİYASƏT
ADA Universitetində “Bölgənin təhlükəsizlik çağırışları - Qara və Xəzər dənizi sahillərindən baxış” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da ADA Universitetinin və Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Bölgənin təhlükəsizlik çağırışları - Qara və Xəzər dənizi sahillərindən baxış” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa” Rumıniya səfirliyinin NATO-nun Azərbaycanda əlaqələndirici ofisi qismində mandatının başa çatmasına həsr olunub. Tədbirdə bölgənin ümumi maraqları, regional çağırışlar, narahatedici məqamlar, əməkdaşlıq sahələri müzakirə edilib.
“Dəyirmi masa”nı açan universitetin prorektoru Fariz İsmayılzadə mövzunun aktuallığından danışıb.
Milli Məclisin deputatı Asim Mollazadə tədbirdə çıxış edərək dünyada baş verən münaqişələrdən söhbət açıb, bu münaqişələrin nəticələrinin ölkələrə ciddi zərər verdiyini söyləyib. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından danışıb. Bildirib ki, 1992-ci ildə, Azərbaycan NATO ilə əməkdaşlığa başlayanda Ermənistandakı hərbi qüvvələr Xocalı şəhərini darmadağın etdilər, uşaqlar, qadınlar, yaşlı insanlar qətlə yetirildi. Buna baxmayaraq Ermənistana hələ də sanksiya tətbiq edilməyib. Azərbaycan ərazisinin 20 faizi hələ də işğal altındadır. Hadisələrə ədalətli yanaşmaq lazımdır. Ölkələrin suverenliyinin təmin olunması, təhlükəsizliyinin qorunub saxlanılması vacib məsələlərdəndir.
Uilyam Lahyu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək bildirib ki, NATO bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.
“Dəyirmi masa” müzakirələrlə davam edib.