ELM VƏ TƏHSİL
“ADA” Universitetində “açıq qapı” günləri keçiriləcək
Bakı, 28 iyul, AZƏRTAC
“ADA” Universiteti abituriyentləri və valideynləri “açıq qapı” günlərinə dəvət edir.
“Açıq qapı” günləri avqustun 3-dən 7-dək saat 10:00–dan 13:00-dək keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, “açıq qapı” günlərinin iştirakçıları bakalavr proqramları, təhsil sistemi və tələbə həyatı haqqında ətraflı məlumat almaqla yanaşı, onları maraqlandıran suallarla “ADA” Universitetində çalışan müəllimlərə müraciət edə biləcəklər. Məlumat sessiyasından sonra isə iştirakçılar “ADA” Universitetinin kampusu ilə tanış olacaqlar.
2015-2016-cı tədris ili üçün “ADA” Universiteti birinci ixtisas qrupu üzrə kompyuter elmləri, kompyuter mühəndisliyi, ikinci ixtisas qrupu üzrə beynəlxalq münasibətlər, iqtisadiyyat, biznesin idarə edilməsi, üçüncü ixtisas qrupu üzrə dövlət və ictimai münasibətlər üzrə bakalavr proqramlarını təklif edir.
“ADA” Universitetinə gələrkən şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir.