ELM VƏ TƏHSİL
“ADA” Universitetində ikinci karyera həftəsi keçiriləcəkdir VİDEO
Bakı, 18 fevral (AZƏRTAC). “ADA” Universitetinin Karyera Hazırlıq Mərkəzi fevralın 24-27-də “Azersun Holding”in sponsorluğu və tərəfdaşlığı ilə ikinci karyera həftəsi keçirəcəkdir.
Universitetdən AZƏRTAC-a bildirilmişdir ki, karyera həftəsinin keçirilməsində məqsəd müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar vasitəsilə “ADA” Universitetinin tələbələrini ölkədəki iş bazarı və karyera imkanları ilə tanış etməkdir. Bununla yanaşı, tələbə və məzunlar hökumət və qeyri-hökumət təşkilatlarının, özəl sektoru təmsil edən qurumların nümayəndələri ilə görüşmək və ünsiyyət qurmaq imkanı əldə edəcəklər. Tələbələr yay tətili zamanı peşəkar təcrübə və qısamüddətli iş imkanları ilə də tanış olacaqlar.
Karyera həftəsi çərçivəsində həm də karyera sərgisi təşkil olunacaqdır. Sərgidə Azərbaycanda müxtəlif sektorlarda fəaliyyət göstərən 90-dək çoxsaylı təşkilat və şirkət təmsil olunacaqdır.