ELM VƏ TƏHSİL
ADA Universitetində magistraturaya sənəd qəbulu başlanıb
Universitetdən AZƏRTAC-a bildirilib ki, 2015-2016-ci tədris ilində ADA Universitetində diplomatiya və beynəlxalq münasibətlər, ictimai siyasət və MBA proqramlarına qəbul olacaq.
Magistratura proqramları ikiillikdir və təhsil ingilis dilindədir. Dərslər tanınmış xarici və azərbaycanlı professorlar tərəfindən tədris edilir. Təhsil müddətində tələbələr bir sıra xarici ölkələrə qısa akademik səfərlər edirlər və əldə etdikləri akademik göstəricilərə uyğun olaraq təhsil haqqında güzəştlər qazana bilərlər.
Eyni zamanda, ADA Universiteti Azərbaycanda ilk dəfə olaraq təhsil haqqının ödənməsi üçün uzunmüddətli aşağı faizli təhsil kreditləri də təklif edir. “Bank of Baku”, “Unibank” və “Bank Respublika” kimi yerli kommersiya bankları ilə ADA Universiteti arasında əldə edilmiş razılaşmaya görə tələbələr 10 il müddətinə sadəcə 4 faizlə kredit əldə edə bilərlər.
Bununla yanaşı, ADA-nın Niderlandın Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə qiyabi Ekzekyutiv MBA proqramına da sənəd qəbulu başlanılıb. Modullarla tədris olunan bu proqram minimum dördillik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub. Dərslər həm ADA, həm də MSM-in professorları tərəfindən Bakı və Maastrixt şəhərlərində tədris edilir. Proqramın sonunda, məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif ediləcəklər.
Hazırda ADA Universitetinin tədris proqramlarında azərbaycanlı tələbələrlə yanaşı, dünyanın 32 ölkəsindən 61 tələbə təhsil alır. Tələbələr fəal tələbə həyatının bir hissəsi olaraq müxtəlif layihələrdə iştirak etmək, tələbə klubları yaratmaq və beynəlxalq konfranslarda iştirak etmək şansı qazanırlar.
Maraqlanan namizədlər elektron ərizə forması ilə birbaşa ADA Universitetinə müraciət edə bilərlər. Sənəd qəbulu 2015-ci il aprelin 1-dək aparılacaq.