ELM VƏ TƏHSİL
“ADA” Universitetində tələbə və məzunlar üçün karyera yarmarkası
Bakı, 27 fevral, Kifayət Əliyeva, AZƏRTAC
Fevralın 27-də “ADA” Universitetində bu ali məktəbin Karyera Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İstedad və karyeralar arasında körpü yaradılması” mövzusunda üçüncü karyera həftəsi çərçivəsində karyera yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yarmarkada dövlət qurumları, eləcə də özəl sektoru təmsil edən şirkət və təşkilatlar iştirak ediblər.
Karyera Hazırlıq Mərkəzinin rəhbəri Gülnur İsmayıl jurnalistlərə müsahibəsində bu cür yarmarkaların təşkilinin tələbələrin gələcək fəaliyyətlərində əhəmiyyətindən danışıb, “ADA” Universitetinin məzunlarının bir sıra dövlət orqanlarında, eləcə də diplomatik korpuslarda çalışdıqlarını və belə tədbirlərin gənclərin karyera quruculuğunda vacibliyini vurğulayıb.
Bildirilib ki, Karyera Hazırlıq Mərkəzinin məqsədi tələbələri əmək bazarı ilə tanış etmək və eyni zamanda onları gələcək peşə fəaliyyətinə hazırlamaqdır. Bu, “ADA” Universitetinin tarixində artıq üçüncü karyera sərgisidir.
Gənclərin karyera qurmalarında və gələcək fəaliyyətində önəmli rol oynayan karyera yarmarkasında Azərbaycanda fəaliyyət göstərən müxtəlif sektorlardan 45 qurum və şirkət təmsil olunub. Bu il iştirakçıların sayı ötən ildəkindən xeyli çoxdur.
Universitetin tələbə və məzunları üçün keçirilən karyera yarmarkası şirkətlərə gənc və ali təhsilli peşəkarları tanımaq və potensial işçiləri tapmaq, həmçinin gənclərin işlə təmin olunmasına kömək etmək məqsədi daşıyır.
Karyera yarmarkası təhsilin bakalavriat pilləsinin 3-4 - cü və magistratura pilləsinin 1-2-ci kurslarının tələbələri üçün təşkil olunub. Burada onlara əmək bazarında lazım olan bacarıqlar öyrədilib, həmçinin özlərinin karyera hədəflərini təyin etməyə kömək göstərilib.
İştirakçılar müxtəlif şirkətlərin nümayəndələri ilə söhbətlər və məsləhətləşmələr aparıblar. Bundan əlavə, tələbə gənclər Azərbaycanın ən iri özəl şirkətləri və dövlət qurumlarında vakansiyalar və işəgötürmə prosedurları haqqında informasiya əldə etmək imkanı qazanıblar.