CƏMİYYƏT


“ADA” Universitetinə yeni qəbul olunan tələbələr “şərəf andı” içiblər VİDEO

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

“ADA” Universiteti Bilik günündə daha bir ənənəni qeyd edib. Bu ali məktəbə yeni qəbul olunan bakalavr və magistrlər hər il tədris ilinin başlanğıcında “şərəf andı” içirlər. Bununla da, dərslərinə və təhsil prosesinə məsuliyyətlə yanaşacaqlarına, imtahanlarda köçürmə hallarına, akademik layihələrdə isə plagiata yol verməyəcəklərinə, tələbə yoldaşlarına və müəllimlərinə hörmət edəcəklərinə söz verirlər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağı yeni tədris ilində səkkiz bakalavr və beş magistr ixtisası üzrə 670 tələbə qəbul edib. Xarici tələbələrin də təhsil aldığı buradakı beynəlmiləl mühitdə 43 ölkədən nümayəndələr təmsil olunurlar. Universitetin “Şərəf Məcəlləsi”nin öhdəliklərinə təkcə yeni tələbələr deyil, həm də müəllim heyətinin yeni üzvləri qoşulurlar. Onlar da “Şərəf Kitabı”nı imzalamaqla “aldatma! ayrı-seçkilik salma! şərəf prinsiplərini pozmaqda başqalarına yardım etmə!” kimi şərəf prinsiplərinə riayət edəcəklərinə söz verirlər.

Andiçmə mərasimində universitetin dekanı Vəfa Kazdal diqqətə çatdırıb ki, bu təhsil ocağının fəlsəfəsi akademik əxlaq və dürüstlüyün sanksiya, qadağa və hədələrin tətbiqi ilə deyil, bu dəyərləri yüksək tutan akademik mədəniyyətin aşılanması və təşviq edilməsi üzərində qurulub. O, “ADA” icmasına qoşulan yeni üzvləri şərəf prinsiplərini təkcə təhsildə deyil, həyatlarında da tətbiq edərək nümunəvi vətəndaşlar olmağa çağırıb.

Sonda rektor Hafiz Paşayev rəhbərlik etdiyi universitetin artıq 10-cu tədris ilinin açıq elan olunmasından məmnunluğunu bildirib. Vurğulanıb ki, universitet məzunlarının məşğulluq göstəriciləri bu ali təhsil ocağının müstəqil Azərbaycanın inkişafının yeni mərhələsi üçün kadrların hazırlanması missiyasını uğurla həyata keçirdiyini nümayiş etdirir. “ADA” Universitetində gənclərin yüksək keyfiyyətli təhsil almaları üçün bura yerli və xarici müəllimlərin cəlb edilməsi, yaradılan şərait dünyanın aparıcı universitetləri ilə ayaqlaşa biləcək təhsil verməyə imkan yaradır.

Rektor qeyd edib ki, müəllimlərin əsas işi tələbələrə bilik verməklə yanaşı, onlarda həyat ruhunu gücləndirməkdir. İşinə ruh yüksəkliyi ilə yanaşan kadrlar hər bir sahədə müvəffəqiyyət qazanırlar. Bu il “ADA” Universiteti yeni təhsilin idarəedilməsi ixtisası üzrə ilk magistrantlarını qəbul edib. Bu proqram Miçiqan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində Təhsil Nazirliyinin dəstəyi və yardımı ilə həyata keçirilir.

Qeyd edək ki, “ADA” Universiteti bu il tələbə və müəllimlərinə “Şərəf Məcəlləsi”ni imzalamaq üçün “ASAN İmza-ADA” portalından istifadə etmək imkanı da yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.