ELM VƏ TƏHSİL
“ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi X Bakı Yay Enerji Məktəbini təşkil edəcək
Bakı, 9 iyul, AZƏRTAC
“ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə iyulun 10-dan 22-dək X Bakı Yay Enerji Məktəbini təşkil edəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iki həftəlik sertifikat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcək. İştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın inkişaf strategiyasına dair məsələlərlə tanış olacaqlar. Yay məktəbində Azərbaycanın xarici işlər, energetika, ekologiya və təbii sərvətlər nazirləri ilə yanaşı, “TAP”, “BP”, “ExxonMobil”, “Total”, “Statoil”, “PETRONAS” və digər neft şirkətlərinin yüksək vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulub.
Müəllimlərin siyahısına Oksford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyası və s. kimi dünya şöhrətli elm mərkəzlərinin tanınmış mütəxəssisləri daxildirlər.
Müraciət üçün http://ccee.ada.edu.az/ linkinə daxil olmaq lazımdır.