ELM VƏ TƏHSİL
“ADA” Universitetinin keçirdiyi ikinci ingilis dili olimpiadasının ilkin mərhələsi başa çatıb
Bakı, 20 fevral, AZƏRTAC
“ADA” Universitetinin Bakı məktəblərinin X və XI sinif şagirdləri arasında keçirdiyi akademik məqsədlər üçün ikinci ingilis dili olimpiadasının ilkin mərhələsi başa çatıb.
“ADA” Universitetindən AZƏRTAC-a bildiriblər ki, fevralın 19-da Təhsil fakültəsinin tərəfdaş məktəbi olan 132-134 nömrəli Təhsil Kompleksində keçirilən bu mərhələdə Bakı şəhəri üzrə 236 məktəbdən 1132 şagird iştirak edib. Onlar ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 sualı yazılı şəkildə cavablandırıblar. Olimpiadanın ilkin mərhələsinin nəticələri martın 1-də www.olympiad.ada.edu.az səhifəsində açıqlanacaq. İkinci mərhələyə uğurla keçən şagirdlər martın 12-də “ADA” Universitetində görüşəcəklər.
İştirakçılar olimpiadanın əsas mükafatı - British Councildən Böyük Britaniyanın Mançester şəhərində Berlitz İngilis Dili Məktəbində ikihəftəlik ingilis dili proqramı və “ADA” Universitetində ingilis dili üzrə yay məktəbində ödənişsiz iştirak etmək uğrunda yarışırlar. Qalib şagird Berlitz Məktəbi tərəfindən təhsil müddətində Mançesterdə yerli ailədə yerləşdiriləcək. Proqrama Mançester və London şəhərlərinə ekskursiya da daxildir. Digər mükafatlar olimpiadanın həmtəşkilatçıları - Təhsildə İnnovativ Texnologiyalar Təlim Mərkəzi və Oxbridc Akademiyası tərəfindən təqdim olunacaq.
Qeyd edək ki, məktəblilər arasında ingilis dili üzrə olimpiadanın keçirilməsi ötən il “ADA” Universiteti tələbələrinin təşəbbüsü kimi başlayıb. Bu il isə tədbir genişlənərək Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin də dəstəyini qazanıb.