CƏMİYYƏT


ADA Universitetinin və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi yay düşərgəsi başa çatıb

Bakı, 28 iyul, AZƏRTAC

ADA Universitetinin və “Təmiz Şəhər” ASC-nin məktəblilər üçün təşkil etdiyi yay düşərgəsinə yekun vurulub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dörd həftə ərzində şagirdlər tullantıların idarə olunması, ətraf mühitin qorunması və digər mövzularda təlimlərdə, praktik məşğələlərdə və turlarda iştirak ediblər.

İyulun 28-də ADA Universitetində yay düşərgəsinin yekunlarına dair tədbir keçirilib. Tədbirdə iştirakçılar düşərgədə əldə etdikləri biliklər və təcrübə barədə ətraflı məlumat veriblər. Yay düşərgəsində iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olunub.

Düşərgə iyulun 3-dən 28-dək hər birində 30-dan çox yeniyetmə olan dörd qrup üzrə təşkil edilib. Bu müddət ərzində iştirakçılar ətraf mühitin qorunması, tullantılarla rəftar və onların idarə olunması ilə bağlı təlimlərdə iştirak ediblər. Onlar Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və yandırılması zavoduna baş çəkib, Balaxanı Sənaye Parkında iş prosesi ilə tanış olublar.

Yeniyetmələr üçün bərk məişət tullantılarından faydalı əşyalar düzəltmək məqsədilə ustad dərsləri, “Təmiz Şəhər” ASC-də onlardan alternativ enerji əldə edilməsi haqqında seminarlar və Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə tur təşkil olunub. Böyükşor bulvarında da olan məktəblilərə gölün ekoloji cəhətdən təmizlənməsi sahəsində görülən işlər haqqında ətraflı məlumat verilib. Məktəblilərə, həmçinin kommunikasiya, media, fotoqrafiya, kompüter proqram təminatı kimi sahələr üzrə də dərslər keçilib.

Düşərgə müddətində gənclər akademik və yaradıcı hissədən ibarət proqramlarla dünyagörüşünü, məntiqi təfəkkürünü inkişaf etdirib, yeni dostlar qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.