ORDU
“ADEX-2016” II Azərbaycan Beynəlxalq müdafiə sərgisində 150-dən çox şirkət iştirak edəcək
Bakı, 8 avqust, AZƏRTAC
Sentyabrın 27-dən 30-dək Bakı Ekspo Mərkəzində “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi keçiriləcək. Sərgidə müasir silah və texnika, eləcə də milli müdafiə sahəsində güc və qüdrət nümayiş etdiriləcək.
Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan “ADEX” sərgisi müdafiə sənayesi sahəsində ən yeni və nadir məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq. Yaxın və uzaq xarici ölkələrdən onlarla rəsmi nümayəndə heyətinin ziyarət etdiyi bu sərginin ən mühüm cəhəti ölkə rəhbərliyi tərəfindən göstərilən dövlət dəstəyidir. Azərbaycan Prezidenti İlham Əliyev “ADEX-2014” sərgisinin iştirakçılarına müraciətində deyib: “İnanıram ki, bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək, mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynayacaq”.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” “CEO” şirkəti “ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.
Beynəlxalq nümayəndə heyətləri, habelə xarici şirkətlər tərəfindən “ADEX-2014” sərgisinə göstərilən böyük maraq Azərbaycanın regionda həm strateji tərəfdaş, həm də etibarlı münasibətlərin simvolu kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir. Tədbirə müşahidə olan böyük marağını nəzərə alaraq 2016-cı ildə sərginin iş müddəti 4 günədək uzadılıb. Artıq 150-dən çox şirkət “ADEX-2016” sərgisində iştirak edəcəyini təsdiqləyib. İsrail, Çin, Pakistan, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya ediblər. 2016-cı ildə sərgidə iştirak edəcəyini təsdiqləmiş şirkətlər arasında “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər şirkətlər yer alır. Sərginin qeydiyyat sponsoru Türkiyə Müdafiə Sənayesi Katibliyidir.
Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərirlər. Sərginin informasiya dəstəyi aparıcı ixtisaslaşmış jurnallar, veb-saytlar və informasiya agentlikləri tərəfindən təmin olunur. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane's Defence Weekly” dərgisi, rəsmi gündəlik “Onlayn” sərgi xəbərləri isə Belçikanın “Army recognition” saytıdır. “Azeri defence” jurnalı sərginin informasiya tərəfdaşı qismində çıxış edir.
Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək. Ümumilikdə, sərgidə quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı istiqamətləri üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır.
Bu sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri, mühafizə və müdafiə vasitələri, xilasetmə, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tam miqyaslı nümayişidir.
Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Buraya seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir. Beləliklə, “ADEX-2016” sərgisi ən son silah növlərinin nümayiş etdirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcək.