ELM VƏ TƏHSİL
ADİU Mərkəzi Asiya Universitetlər Birliyinə üzv seçilib
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Qırğızıstan-Türkiyə Manas Universitetinin (QTMU) təşəbbüsü ilə yaradılan Mərkəzi Asiya Universitetlər Birliyinə (MAUB) üzv seçilib. ADİU-nun iqtisadiyyat və işlətmə kafedrasının müdiri Fariz Əhmədov niyyət məktubunun imzalanma mərasimində iştirak edib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, 15 ölkədən 29 universitetin üzv olduğu birliyi Azərbaycandan ADİU təmsil edib. ADİU, həmçinin birliyin idarə heyitndə də yer alıb. QTMU-nun rektoru, professor Səbahəttin Balcı Mərkəzi Asiya Universitetlər Birliyinin rəhbəri seçilib.
Mərkəzi Asiya Universitetləri Birliyinin məqsədi ali təhsil müəssisələri və onlarla əməkdaşlıq edən qurumlar arasında əlaqələri gücləndirmək, inteqrasiyanı dəstəkləmək, müəllim-tələbə mübadiləsini təşkil etmək, ikili diplom proqramlarını tətbiq etməkdir. Eyni zamanda, proqram və kredit mübadilə sistemlərinin təkmilləşdirilməsi istiqamətində birgə çalışmaq, keyfiyyət təminatı sistemi yaratmaq və akkreditasiya mexanizmləri üzərində işləmək, Birliyə üzv universitetlərin güclü olduğu sahələri nəzərə almaqla regional inkişafa töhfə verəcək layihələri dəstəkləməkdir.
Tədbir çərçivəsində Qırğızıstan-Türkiyə Manas Universitetinin 20-ci ildönümü qeyd edilib. Yubiley münasibətilə hazırlanan sənədli filmin nümayişi ilə başlanan mərasim universitet rəhbərliyi və dövlət nümayəndələrinin çıxışları ilə davam edib.
Sonda tələbələr türk xalqlarının mahnı və rəqslərini ifa ediblər.