ELM VƏ TƏHSİL
ADİU-da “Professorlar klubu” yaradılıb
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) elmi şurasının qərarı ilə bu ali məktəbdə “Professorlar klubu” təsis edilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, “Professorlar klubu”nun yaradılmasının məqsədi professor və elmlər doktorlarının intellektual potensialından istifadə edərək müasir cəmiyyətdə qabaqcıq ideyaları aşılamaqdır. Kluba üzv olanlar bilik, bacarıq və həyat təcrübələrini bölüşmək üçün qeyri-formal şəraitdə, fəal və müxtəlif zövqlərə cavab verən maraqlı istirahət zamanı ziyalı mühitində səmimi ünsiyyət qura biləcəklər.
Klub Azərbaycanın və xarici ölkələrin professorlarının, elmlər doktorlarının könüllülük və bərabərlik əsasında yaradılan birliyi funksiyasını həyata keçirir. Klassik və müasir elmlərin nailiyyətləri ilə bağlı fikir mübadiləsi üçün toplantıların təşkili, beynəlxalq elmi cəmiyyətlərə klub üzvlərinin inteqrasiyasına nail olmaq, istedadlı gənc alimlərə hər tərəfli dəstək vermək, respublikada və xaricdə müxtəlif elmi, mədəni-kütləvi tədbirlərdə iştirak klubun əsas fəaliyyət istiqamətlərindəndir.
Klubun idarəetmə orqanında rəyasət heyəti və sədr yer alıb. Həmçinin, üzvlük könüllüdür və nəzərdə tutulan məqsədlərə həmrəy olan hər bir professor və elmlər doktoru kluba qoşula bilər.