ELM VƏ TƏHSİL
ADİU-da əmək yarmarkası keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Məzun-2015” əmək yarmarkası keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi ilə keçirilən yarmarka məzunların işlə təmin olunmasına kömək məqsədi daşıyıb.
ADİU-nin 85 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində keçirilən yarmarkada əllidən çox dövlət qurumu, şirkət və banklar tərəfindən vakant iş yerləri təqdim edilib. Əmək yarmarkasında Azərbaycanın 40-dan çox ali və orta ixtisas təhsili müəssisələrindən və ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya və digər ölkələrin 16 ali məktəbindən 2500-dək məzun iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli və ADİU-nun rektoru, professor Ədalət Muradov yarmarkaya baxış keçiriblər.
Tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət İqtisad Universiteti arasında kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında anlaşma memorandumu imzalanıb. ADİU-nun rektoru Ə.Muradov bildirib ki, məzunların işlə təminatı ali məktəblərin reytinqinə bilavasitə təsir etdiyindən bu məsələ universitetin prioritet istiqamətlərindən biri hesab olunur. İnanıram ki, universitetimizdən məzun olan hər bir gənc özünə layiqli iş tapa biləcək.
“Məzun-2015” yarmarkasında gənclərə 800-dən çox vakant iş yerləri təklif olunub. Yarmarkada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil edilib. Onlara müxtəlif ixtisaslar üzrə stajkeçmə, təqaüd və təcrübə proqramları da təqdim edilib.