ELM VƏ TƏHSİL
ADİU dünyanın tanınmış universitetləri ilə anlaşma memorandumları imzalayıb
Bakı, 13 iyul, AZƏRTAC
Koreya Respublikasının Pusan şəhərində Dünya Təhsil Liderlərinin IV Forumu keçirilib. “Xarakter təhsilinin bu günü və gələcəyi” mövzusunda təşkil olunan forumda Avropa, Asiya, Mərkəzi Amerika və Afrikanın 23 ölkəsindən 51 universitet rəhbəri iştirak edib. Forum çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Hindistanın Chandigarh, Makedoniyanın Beynəlxalq Balkan və Nigeriyanın Caleb universitetləri arasında anlaşma memorandumları imzalanıb. Bundan əlavə, Malayziyanın Malaya Universiteti ilə ADİU arasında əməkdaşlığın istiqamətləri barədə razılıq əldə olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, forumun ilk sessiyasında ADİU-nun rektoru, professor Ədalət Muradov “Universitetlərdə xarakter təhsili üzrə işin qurulması və bunun tələbələrə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Rektor məruzəsində xarakter təhsilinin formalaşması istiqamətində ADİU-da yaradılan şəraitdən, atılan addımlardan danışıb. Qeyd edilib ki, universitetdə tətbiq olunan bu təhsil tələbələrdə müəyyən xarakter formalaşdırır və bir sıra özəllikləri inkişaf etdirir. Ə.Muradov tələbələrin startup ideyalarının reallaşdırılmasına xidmət edən İnnovativ Biznes İnkubator barədə məlumat verib, universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının gənclərin nümunəvi xarakterinin yaradılmasına özünəməxsus töhfə verdiyini qeyd edib.
Məruzədə xarakter təhsilinin tələbələrə göstərəcəyi təsirlər barədə təkliflər səsləndirilib.
Forumda xarakter təhsilinin universitetlər və tələbələr üçün əhəmiyyəti, sosial dəyişikliklərdəki gözləntiləri və təkmilləşmə istiqamətləri, dayanıqlı təhsil innovasiyaları barədə məruzələr dinlənilib, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb.