ELM VƏ TƏHSİL
ADİU ilə “Bank of Baku” arasında korporativ əlaqələr genişlənir
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 20-də Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə “Bank of Baku” arasında korporativ görüş keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd ADİU ilə bank arasında ikitərəfli münasibətləri genişləndirmək, tələbə və müəllimlərin bank sektorundakı praktiki biliklərini artırmağa dəstək verməkdir.
ADİU-nun marketinq və kommunikasiya departamentindən AZƏRTAC-a bildirilib ki, görüşdə bu ali təhsil ocağının rektoru, professor Ədalət Muradov bildirib ki, korporativ sektorla münasibətlərin gücləndirilməsi tələbələrin əmək bazarında layiqli mövqe tutmasına təkan verəcək. Tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara yiyələnməsində bankın dəstəyindən istifadə olunacaq. Müəllim və tələbələr praktiki biliklərini bankın potensialı vasitəsilə artıra biləcəklər.
Bildirilib ki, ADİU-da hazırlanan kadrların bazarın tələblərinə tam uyğun yetişdirilməsi məqsədilə bank tərəfindən universitetin bir neçə tələbəsi üçün təqaüd proqramı da nəzərdə tutulub. Tələbələrin seçimi universitet və bank nümayəndələri tərəfindən aparılacaq. Bankın bu ali məktəbə verəcəyi növbəti töhfəsi isə xüsusi auditoriyanın yaradılmasıdır. Auditoriyanın texniki təchizatı və tədris olunan fənlər üzrə ədəbiyyat da bank tərəfindən təmin olunacaq.
ADİU-nun məzunu olmuş “Bank of Baku”nun idarə heyətinin sədri Fərid Hüseynov qeyd edib ki, bankın əsas kadr aktivini məhz bu ali təhsil müəssisəsi təmin edir. Buna görə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Sonda ADİU ilə “Bank of Baku” arasında “Əməkdaşlıq haqqında çərçivə razılaşması” imzalanıb.