ELM VƏ TƏHSİL
ADİU ilə Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu arasında elmi əməkdaşlıq genişlənir
Bakı, 29 iyun, AZƏRTAC
Yunanıstanın Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu (QMTTİ) və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) arasında “Neft və qazın menecmenti və nəql edilməsi” üzrə birgə magistr proqramına dair imzalanan memorandumun həyata keçirilməsi məqsədilə rəsmi açılış mərasimi keçirilib. QMTTİ-də təşkil olunan mərasimdə Azərbaycanın Təhsil Nazirliyinin nümayəndəsi Samir Vəliyev, ADİU-nun rektoru, professor Ədalət Muradov və universitetin əməkdaşları iştirak ediblər.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, QMTTİ-nin rektoru, professor Asimopoulos Nikolaos bildirib ki, proqramın təşkili və həyata keçirilməsi universitetlərimiz arasında akademik və elmi əməkdaşlığı genişləndirməklə yanaşı, həmçinin hər iki ölkə arasında təhsil, elm, mədəniyyət və sosial əlaqələrin gücləndirilməsində böyük əhəmiyyət daşıyır.
Yunanıstanın təhsil nazirinin müavini Theodosis Pelegrinis Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanda insan resurslarının potensialının nəinki təhsil müəssisələrinin inkişafına, eləcə də hər iki ölkənin faydalanmasına töhfə verəcəyini qeyd edib.
Təhsil Nazirliyinin təmsilçisi S.Vəliyev son iki ildə Azərbaycan təhsil sistemində aparılan islahatların verdiyi töhfələrdən danışaraq bildirib ki, tədrisin və elmin inkişafında əsaslı dəyişikliklərə səbəb olan insan kapitalının formalaşması prosesi sürətlənib, yüksək intellektual tələblərə cavab verən ixtisas və proqramlar respublikanın bir çox təhsil müəssisələrində fəaliyyətə başlayıb.
Professor Ə.Muradov çıxışında bildirib ki, Azərbaycan təhsil sistemi və ADİU-un tarixində ilk dəfə bu ali məktəbin akademik heyəti Avropa Birliyinin üzvü olan Yunanıstanda “Neft və qazın menecmenti və nəql edilməsi” magistr proqramı üzrə xarici kadrların hazırlığını həyata keçirir.
Ə.Muradov bildirib ki, ADİU ilk dəfə Avropa Birliyinin üzv ölkəsi olan Yunanıstanın Təhsil Nazirliyinin “Akademik ad və məlumatların tanınması üzrə təşkilatı” tərəfindən Yunanıstan ali təhsil müəssisələrinə ekvivalent universitet statusu alıb. Bununla da, ADİU məzunları Yunanıstanda əmək və akademik fəaliyyət göstərdikləri zaman bu ölkənin ali təhsil müəssisələrinin məzunları ilə eyni statusa malik olacaqlar.