CƏMİYYƏT


ADİU-nun İctimai Nəzarət Şurası yay imtahan sessiyasının nəticələrini açıqlayıb VİDEO

A+ A

Bakı, 12 iyul, Xatirə Cəfərova, AZƏRTAC

İyulun 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali məktəbin İctimai Nəzarət Şurası tərəfindən yay imtahan sessiyasının yekunlarına dair konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ADİU-nun marketinq və kommunikasiya departamentinin direktoru Rasim Şərifov universitetdə tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq İctimai Nəzarət Şurasının yaradıldığını bildirib. Universitetdə təşkil edilən yay imtahan sessiyasına nəzarət bu quruma verilib. Şurada Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri və nüfuzlu KİV nümayəndələri təmsil olunublar.

“XX Əsr” Təhsıl Mərkəzi İctimai Birliyinin rəhbəri, İctimai Nəzarət Şurasının əlaqələndiricisi Etibar Əliyev bildirib ki, şura üzvləri iyunun 1-dən iyulun 4-dək yay imtahan sessiyasının monitorinqini aparıb, “Qaynar xətt” və Apelyasiya Komissiyasının işinə nəzarəti təşkil edib. Şuraya daxil olan müraciətlər araşdırılaraq, operativ və qısa zamanda tədbirlərin görülməsi üçün universitet rəhbərinə ünvanlanıb. Şura üzvləri imtahanlara nəzarəti ADİU-nun tədris binalarında sərbəst, heç bir maneə olmadan həyata keçirib və məlumatlar kütləvi informasiya vasitələrində yayımlanıb. Şura, həmçinin Maliyyə-İqtisad Kollecində keçirilən imtahanlara da nəzarət edib. Tətbiq olunan imtahan metodu vaxtı ilə bu kollecdə sessiya zamanı yol verilən ciddi nöqsanların aradan qaldırılmasına xidmət edir.

Əməkdar Elm Xadimi, professor Şahlar Əsgərov ictimai nəzarət şurasının Azərbaycan təhsili üçün yenilik olduğunu bildirib. O deyib ki, təhsilin qarşısında iki əsas məsələ durur: biliyin ötürülməsi və biliyin qiymətləndirilməsi. Biliyin qiymətləndirilməsi vacib və çox ziddiyyətli bir məsələdir. Qiymətləndirmədə nöqsanlara yol verilməsi ilə bağlı fikirlər hər zaman var. Ancaq ictimai nəzarət şurası bütün bunlara son qoya bilər. ADİU-da yay imtahan sessiyası və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Bir ay müddətində şura üzvləri ilə birgə imtahan prosesini izlədiyini diqqətə çatdıran Ş.Əsgərov vurğulayıb ki, ADİU-da bu sahədə ümumi vəziyyət qənaətbəxşdir.

Konfransda şura üzvlərinin yekun hesabatı dinlənilib. Bildirilib ki, ADİU-da imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub və tətbiq edilən imtahan metodu şəffaflığın təmin olunmasına xidmət edir. Ali məktəbin rəhbərliyi tələbə, müəllim və valideynlərin şura ilə əlaqələrini yüksək səviyyədə qurub.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.