ELM VƏ TƏHSİL
ADİU-nun müəllimi beynəlxalq konfransda çıxış edib
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) menecment kafedrasının müəllimi Şəhla Qəhrəmanova Sloveniyanın paytaxtı Lyublyana şəhərində “Beynəlxalq münasibətlərdə siyasət” mövzusunda elmi-praktik konfransda iştirak edib. Konfrans Beynəlxalq Tədqiqatlar Assosiasiyasının və Lyublyana Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq münasibətlərə aid müxtəlif mövzuları əhatə edən tədbirdə Ş.Qəhrəmanova “Münaqişələrin qarşısının alınmasında sosial-humanitar fənlərin tədrisinin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, gənc nəslin təhsilinə diqqət yetirilməsi gələcəkdə baş verəcək münaqişələrin qarşısının alınmasına strateji yanaşmadır.
Konfransda Amerika, Kanada, Böyük Britaniya, Rusiya, Çin, Yaponiya, eləcə də Mərkəzi və Şərqi Avropanın bir sıra tanınmış universitetlərindən olan alimlər iştirak ediblər.