ELM VƏ TƏHSİL
ADİU-nun müəllimlərinin məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) əməkdaşlarının məqaləsi ABŞ-nın Stenford Universitetinin “Elm və təhsil sferasında tədqiqat” (Science and Education Studies) beynəlxalq elmi dövri jurnalında dərc edilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, universitetin iqtisadiyyat və sənaye fakültəsinin dekanı, dosent Asiman Quliyev və iqtisadiyyatın tənzimlənməsi kafedrasının dosenti Qalib Hacıyevin birlikdə hazırladıqları “Aqrar sahədə məhsulların istehsal və satış biznesinin tənzimlənməsi” sərlövhəli məqalə jurnalın 2016-cı ildə çap edilən birinci nömrəsində dərc olunub. Məqalədə müasir iqtisadi şəraitdə qloballaşan dünyada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və ərzaq təhlükəsizliyinin təmin olunması məsələsinin həlli və tədqiqinə dair fikirlər yer alıb. Yazıda Azərbaycanın aqrar sahədə məhsulların istehsal və satışı biznesinin tənzimlənməsinin hazırkı vəziyyəti barədə ətraflı məlumat verilib.
Dünyada tanınmış alimlərin yazılarının çap olunduğu “Elm və təhsil sferasında tədqiqat” jurnalının materialları SCOPUS verilənlər bazasında yerləşdirilib.