MƏDƏNİYYƏT
ADMİU-da Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir
Bakı, 5 mart (AZƏRTAC). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ictimai xadim, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən ADMİU-nun rektoru, Əməkdar Elm Xadimi Timuçin Əfəndiyev elmi sessiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 21 yanvar tarixli Sərəncamına əsasən keçirildiyini bildirmişdir.
Qeyd etmişdir ki, Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan və eyni zamanda türk xalqlarına yol göstərən və müxtəlif elm sahələrində dəyərli əsərlər yaradan tarixi şəxsiyyətlərdəndir. Onun zəngin irsi və dünyagörüşü sübut edir ki, ictimai fikir sahəsində böyük kəşflər elmlərin qovşağında baş verir. Çünki Əli bəy Hüseynzadə fizika-riyaziyyat ilə yanaşı, tibb elmləri üzrə də dünyanın ən qabaqcıl universitetlərindən birini bitirmişdir. O, publisistikada böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini öyrənmək və ona yol göstərməkdə misilsiz tarixi simadır.
Əli bəy Hüseynzadənin əsasən mədəniyyət konsepsiyasından danışan rektor bildirmişdir ki, bu görkəmli mütəfəkkir milli mücadilə tariximizdə də misilsiz xidmətlər göstərmişdir. O, xalqımıza, türklərə və islam mənəviyyatına edilən basqılara qarşı həmişə öz haqq səsini ucaltmışdır. Bu nadir sima türkçülüyün, islam dünyasının azadlığı uğrunda mübarizəyə başlayanda ilk növbədə, insanlığı, humanizm fəlsəfəsini əsas götürmüşdür.
Görkəmli ictimai xadimin “Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar” sözlərini diqqətə çatdıran natiq demişdir ki, Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışı bilavasitə maarifçi görüşlər üzərində bərqərar olmuşdur. “Füyuzat” jurnalının məramnaməsindən də göründüyü kimi, böyük mütəfəkkir rus və Avropa müəlliflərinin müxtəlif əsərlərinin, o cümlədən elmi nümunələrinin tərcümə edilməsində maraqlı olmuşdur. Bu, islam maarifçiliyinin “avropalaşdırılması”, yaxud müasirləşdirilməsi kimi qəbul edilə bilər.
Elmi sessiyada “Əli bəy Hüseynzadə və müasirləşmə paradiqmaları”, “Əli bəy Hüseynzadə və XX əsrin əvvəllərində mədəni- tarixi proses”, “Əli bəy Hüseynzadənin siyasi-ideoloji fəaliyyətində türkçülük-turançılıq prinsipləri”, “Əli bəy Hüseynzadənin rəssamlıq fəaliyyəti” mövzularında məruzələr dinlənilmişdir.
Vurğulanmışdır ki, bu görkəmli mütəfəkkirin düşüncələri bütün dövrlərdə aktualdır. Ə.Hüseynzadə ömrü boyu türkün tərəqqisi naminə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, rənglərinin formalaşmasında bu tarixi şəxsiyyətin böyük rolu olmuşdur.
Tədbirdə Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadənin kövrək, səmimi söhbəti iştirakçıların marağına səbəb olmuşdur.