ELM VƏ TƏHSİL
ADNSU-da “Açıq qapı” günü keçirilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq qapı” günü keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı ötən tədris ilinin yekunları, ali məktəbdə həyata keçirilən islahatlar və gələcək layihələr haqqında məlumat verib. Qeyd olunub ki, bu il ADNSU-nun nəzdində Fransız-Azərbaycan Universiteti (UFAZ) yaradılıb.
Cari ildə birinci qrup üzrə 500-dən çox bal toplayan tələbələrin 51 faizi ADNSU-nu seçib.
Rektor təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən də danışıb. Diqqətə çatdırılıb ki, hazırda elektron təhsillə bağlı iş aparılır, regionda ilk dəfə gündəlik təcrübə sistemi tətbiq ediləcək, sənayeyönümlü müəssisələrlə universitet arasında əlaqələr genişləndiriləcək.
Tədbirdə universitetin yeni nəşr etdirdiyi “Oil and industry” jurnalı barədə məlumat verilib.
Sonra suallar cavablandırılıb.