CƏMİYYƏT


ADNSU-da “Açıq qapı” günü keçirilib VİDEO

A+ A

Bakı, 19 iyul, Xatirə Cəfərova, AZƏRTAC

İyulun 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransız-Azərbaycan Universiteti (UFAZ) ilə bağlı “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə UFAZ-a sənəd qəbulu və imtahan prosedurları izah olunub, eləcə də burada təhsil almaq istəyən abituriyentlər və onların valideynlərinə universitet və təhsil qaydaları haqqında geniş məlumat verilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı abituriyentləri salamlayaraq onlara gələcək həyatlarında və təhsildə uğurlar arzulayıb. M.Babanlı UFAZ-ın Fransa və Azərbaycan arasında əməkdaşlıq layihəsi olduğunu diqqətə çatdirıb.

Rektor UFAZ-a sənəd qəbulu ilə bağlı məlumat verib. Bildirilib ki, UFAZ-ın təklif etdiyi dörd ixtisasa (neft-qaz işi, geofizika mühəndisliyi, kompyuter elmləri, kimya texnologiyası) birinci qrup üzrə bu ilin qəbul imtahanlarında ən azı 500 bal toplamış abituriyentlər sənəd verə bilərlər. Dörd ixtisas üzrə nəzərdə tutulmuş yerlərin sayı 120-si dövlət sifarişli, 40-ı ödənişli olmaqla ümumilikdə 160-dır.

Rektor UFAZ-a sənəd qəbulu ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb. Qeyd olunub ki, iyulun 19-na olan məlumata görə UFAZ-a artıq 52 nəfər sənəd verib. Abituriyentlərdən dördü 500-dən az bal topladığı üçün sənədləri geri qaytarılıb. Onların arasında 600-dən çox bal toplayanların sayı 11 nəfərdir və dəgərləri isə 500-600 bal toplayanlardır. Sənədi təsdiqlənmiş 48 nəfərə bildiriş vərəqələri təqdim olunacaq.

Daha sonra rektor abituriyentlərin UFAZ ilə bağlı suallarını cavablandırıb.

M.Babanlı vurğulayıb ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə dünyanın aparıcı ali məktəblərindən bir olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ Avropanın və bütövlükdə dünyanın təhsil sahəsində ən yüksək standartlarına cavab verən təhsil verməklə yanaşı, eyni zamanda, tələbələrə Azərbaycanın hüdudlarını tərk etmədən ADNSU ilə Strasburq Universitetinin diplomlarını qazanmaq imkanı yaradır.

Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsi müdirinin müavini Yaqub Piriyev UFAZ-ın yaranmasının tələbələrə yeni imkanlar açacağını qeyd edib. Vurğulanıb ki, Fransanın Strasburq Universiteti ilə ADNSU arasında olan bu layihə tələbələr üçün təhsildə yaxşı fürsətlər yaradır. UFAZ, həmçinin tələbələrə Azərbaycan və Fransa təhsil sisteminin imkanlarını təqdim edir. Bununla bağlı nazirlikdə yeni layihələrin reallaşdırılacağı, təhsil nazirinin fransalı həmkarı ilə görüşəcəyi də gözlənilir.

Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri İohan Şitterer UFAZ-ın iki ölkə arasında təhsil sahəsində ilk və uğurlu layihə olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Fransa və Azərbaycanın təhsil sahəsində ilk layihəsi olmasına baxmayaraq, UFAZ çox böyük maraqla qarşılanıb. Səfirliyin əməkdaşı burada təhsil almaq istəyən abituriyentlərin seçimlərindən razı qalacaqlarına əminliyini bildirib.

Daha sonra UFAZ-ın əlaqələndiricisi Şarlotta Payen UFAZ barədə təqdimatla çıxış edib.

Sonda UFAZ-a sənəd vermək istəyən abituriyentlər və onların valideynlərinin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.