ELM VƏ TƏHSİL
ADNSU-da Milli Mətbuat Günü qeyd edilib
Bakı, 22 iyul, K.Əliyeva, AZƏRTAC
İyulun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə universitetin tərbiyə işləri üzrə prorektoru Ata Babayev milli mətbuatımızın yaranmasının 141-ci ildönümü münasibətilə media nümayəndələrini təbrik edib, uğurlar arzulayıb. Prorektor ölkə Prezidenti İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd edilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi və onun təsis etdiyi “Əkinçi” qəzetinin fəaliyyətindən danışan A.Babayev bu nəşrin xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsindəki əvəzsiz rolunu xüsusi vurğulayıb.
ADNSU-nun prorektoru, professor Q.Məmmədov bu ali məktəblə medianın sıx əlaqələrindən məmnunluğunu bildirib. Universitetin əldə etdiyi uğurlardan danışan prorektor burada həyata keçirilən startup layihəsi və yenicə yaradılmış Fransız-Azərbaycan Universiteti barədə məlumatların mediada işıqlandırılmasında jurnalistlərin böyük əməyi olduğunu söyləyib.
Universitetin ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov Azərbaycan jurnalistlərinin fədakar əməyindən, ADNSU-da baş verən yeniliklərin mətbuatda işıqlandırılmasında media nümayəndələrinin rolundan danışıb, KİV-lərin təmsilçilərini peşə bayramı münasibətilə təbrik edib.
Tədbirin sonunda universitetin fəaliyyətinin mediada işıqlandırılmasında fəal iştirak edən bir qrup jurnalist mükafatlandıırılıb. Mükafatlandırılanlar arasında AZƏRTAC-ın əməkdaşı da var.