QAN YADDAŞI
ADNSU-da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Xocalı faciəsinin qan yaddaşımızdan silinməyəcəyini diqqətə çatdırıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri qırğınlardan bəhs edən M.Babanlı bildirib ki, o müdhiş gecədə düşmən 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı qanına qəltan edib, 8 ailə tamamilə məhv olunub, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 197 nəfər itkin düşüb.
M.Babanlı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində tədbirlər həyata keçirildiyini və bu işin davam etdirildiyini vurğulayıb.
Digər çıxış edənlər də ermənilərin törətdikləri Xocalı faciəsinin dəhşətlərindən bəhs ediblər.