ELM VƏ TƏHSİL


ADNSU-da və UFAZ-da imtahanlar yüksək səviyyədə təşkil olunub VİDEO

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) və bu ali məktəbin nəzdində 2016-2017-ci tədris ilindən etibarən fəaliyyətə başlayan Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə əsasən payız semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri, jurnalistlər ADNSU-nun və UFAZ-ın auditoriyalarında imtahan prosesini izləyiblər.

Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov UFAZ-ın fəaliyyəti, təhsil müəssisəsində tədris prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, universitetdə imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. V.Əsgərov diqqətə çatdırıb ki, UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb.

Qeyd olunub ki, UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfi və hasilatı) tələbə qəbulu aparılıb. 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişi, 23-ü isə ödənişli əsaslarla təhsil alır. Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində həyata keçirilir. UFAZ-da təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.

Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, ADNSU-da və UFAZ-da imtahanlar yüksək səviyyədə təşkil olunub. Müşahidə göstərir ki, tələbələr imtahanlara yaxşı hazırlaşıblar. Şübhəsiz, bütün bunlar universitetdə təhsilin yaxşı təşkil olunmasının və burada tədrisin bacarıqlı alim və müəllimlər tərəfindən aparılmasının nəticəsidir. Hesab edirəm ki, xarici ölkələrin təhsil sahəsindəki təcrübəsindən Azərbaycanda geniş istifadə olunmalıdır. Yaxşı olardı ki, Azərbaycan universitetlərinin də xarici ölkələrdə təqdimatları təşkil edilsin.

Digər müşahidəçilər də ADNSU-da və UFAZ-da imtahanların obyektiv və şəffaf aparıldığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.