ELM VƏ TƏHSİL
ADNSU ilə Almetyevsk Dövlət Neft İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rusiya Federasiyası Tatarıstan Respublikasının Almetyevsk Dövlət Neft İnstitutunun (ADNİ) nümayəndə heyəti ilə görüş olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov bu ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri, təhsil müəssisəsindəki Lazer mərkəzi, reallaşdırılan layihələr, həmçinin universitetin nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib.
ADNSU-nun elm və texnika üzrə prorektoru, dosent Rauf Əliyarov bu ali məktəbin əsas strategiyasının təhsilin keyfiyyətini artırmaq olduğunu, bununla əlaqədar xarici müəllimlərin dəvət edildiyini söyləyib.
ADNİ-nin rektoru vəzifəsini icra edən Robert Zaqitoviç institut barədə danışıb, bu ali təhsil müəssisəsinin Rusiyanın neft-qaz profilli 34 ali məktəbi arasında 5-ci yer tutduğunu vurğulayıb.
Sonra iki universitet arasında əməkdaşlıq istiqamətləri, təcrübə mübadiləsi və digər məsələlər barədə müzakirələr aparılıb.
Görüşdə R.Zaqitoviç ADNSU rəhbərliyini oktyabrda keçiriləcək beynəlxalq konfransa və ADNİ-yə dəvət edib.
Daha sonra qonaqlar universitetin Tarix Muzeyi ilə tanış olublar.