CƏMİYYƏT


ADNSU ilə Meksika Neft İnstitutu arasında memorandumun imzalanmasına dair razılıq əldə olunub

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Meksika Neft İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun hazırlanmasına dair razılıq əldə olunub.

Bu barədə ADNSU-nun rektoru, professor Mustafa Babanlının Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşündə məlumat verilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, M.Babanlı bu ali məktəbin Azərbaycanın ən qədim ikinci universiteti, Avropa və Asiyada neft-qaz profilli ilk texniki universitet olduğunu vurğulayıb. Professor keçmiş SSRİ-də ADNSU-nun ən yaxşı 10 ali təhsil müəssisəsi arasında yer aldığını, xarici ölkələr üçün mütəxəssislərin hazırlanması baxımından isə üç əsas universitetdən biri olduğunu bildirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə universitetin bundan sonra sənaye üçün mütəxəssislər də hazırlayacağını söyləyən rektor bununla bağlı ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində geniş islahatların aparıldığını nəzərə çatdırıb. O hazırda ADNSU-da 19 ölkədən 400-dək əcnəbi tələbənin təhsil aldığını, universitetin məzunları arasında üç meksikalının olduğunu bildirib.

M.Babanlı yeni yaradılmış Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında məlumat verib. Rektor Meksika səfiri ilə görüşün bu ölkənin ali məktəbləri ilə ADNSU arasında əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Səfir Meksika ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən təhsil və elmi tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün elmi potensialın olduğunu bildirib.

Meksika səfirliyinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvü, Meksika Neft İnstitutunun şöbə müdiri Viktor G.Ortiz Gallardo təmsil etdiyi ali məktəb barədə məlumat verib. Bu ali məktəbin elmi tədqiqat institutu kimi fəaliyyət göstərdiyini, burada tədqiqatların aparılması və kadr hazırlığı ilə məşğul olunduğunu qeyd edən V.Gallardo elm sahəsində əməkdaşlıq potensialının olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.