ELM VƏ TƏHSİL
ADNSU-nun rektoru Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak etmiş UFAZ-ın tələbələri ilə görüşüb
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak etmiş Fransa-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov tələbələrin Strasburq Universitetində yay məktəbində fransız dili üzrə tədris-təcrübə kurslarında iştirak etdikləri və fransız mədəniyyəti ilə yaxından tanış olduqları barədə məlumat verib.
Professor M.Babanlı müasir dünyada təhsilin mühüm rolundan danışıb, tələbələrə təhsildə uğurlar arzulayıb, tövsiyələrini verib.
Tələbələr Strasburq Universitetində iştirak etdikləri yay məktəbinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Xatırladaq ki, bu il iyulun 2-dən 16-dək Strasburq Universitetində təşkil olunan yay məktəbində UFAZ-ın 40 tələbəsi iştirak edib.