ELM VƏ TƏHSİL
ADNSU-nun tələbələri HP şirkəti üçün potensial kadr ola bilərlər
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Hewlett Packard” (HP) şirkətinin nümayəndələri ilə görüş olub.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru, professor Mustafa Babanlı HP şirkətinin ölkə üzrə baş nümayəndəsi İnarə Quliyeva və xidmət meneceri Aleksandr Yun ilə görüşdə universitetdə aparılan islahatlardan danışıb. Rektor universitetdə dünya standartları səviyyəsində tədris olunan ixtisaslar, ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsi haqqında da məlumat verib. Bu fakültədə istedadlı və bilikli tələbələrin təhsil aldığını qeyd edən M.Babanlı həmin gənclərin gələcəkdə HP şirkəti üçün potensial kadr ola biləcəklərini söyləyib. ADNSU-nun məzunlarının işlə təmin olunmalarının vacibliyini vurğulayan M.Babanlı bunun üçün universitetdə məzun karyera sərgilərinin keçirildiyini diqqətə çatdırıb.
İ.Quliyeva ADNSU ilə əməkdaşlığın onlar üçün çox dəyərli və maraqlı olduğunu bildirib.
A.Yun təmsil etdiyi şirkət haqqında məlumat verib və ADNSU ilə əməkdaşlıq etmək istədiklərini nəzərə çatdırıb. O, ADNSU-da təhsil alan istedadlı və potensialı olan tələbələr arasından seçim edərək onlara iş imkanları yaratmaq istədiklərini qeyd edib. Daha öncə bir neçə ölkədən tələbələri öz sıralarına qəbul etdiklərini bildirən A.Yun ADNSU-da bu sahə üzrə yüksək keyfiyyətli təhsilin verilməsinin onlara real seçim imkanı yaratdığını deyib.
Görüşdə seçim şərtləri və tələb olunan keyfiyyətlər tərəflər arasında müzakirə edilib.