ELM VƏ TƏHSİL
ADNSU-nun tələbələri təhsillərini Türkiyə universitetində davam etdirəcəklər
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı “Erasmus+” Beynəlxalq Kredit Mobilliyi proqramı çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul olunan, ADNSU-nun üçüncü kurs tələbələri Qara Bayramov və Nəzrin Hüseynova ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Babanlı tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.
Tələbələrə tövsiyələrini verən rektor Orta Doğu Texniki Universitetinin nüfuzlu ali təhsil müəssisəsi olduğunu söyləyib. Qeyd edilib ki, böyük texnoparkı olan bu təhsil ocağında dərslər ingilis dilindədir.
Tələbələr onların təhsili üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
“Erasmus+” Beynəlxalq Kredit Mobilliyi proqramı çərçivəsində ADNSU-nun tələbələri 2015-2016 tədris ilinin yaz semestrində təhsillərini dörd ay müddətində davam etdirəcəklər.