CƏMİYYƏT


ADPU-da Birinci Türkoloji Qurultaya həsr olunan konfrans keçirilib

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 fevral tarixli Sərəncamının əhəmiyyətindən danışıb.

Birinci Türkoloji Qurultay barədə fikirlərini diqqətə çatdıran rektor qeyd edib ki, qurultayın iclaslarında türkdilli xalqların tarix və etnoqrafiyasına, ədəbiyyatına, dilçilik məsələlərinə, türk dillərinin tədrisi problemlərinə həsr olunan məruzələr dinlənilib. Türkdilli xalqların həyatında mühüm rol oynayan qurultay dünya mədəniyyətinə türk xalqlarının da böyük töhfələr verdiyini bir daha nümayiş etdirib.

Birinci Türkoloji Qurultayın əhəmiyyətindən bəhs edən C.Cəfərov bildirib ki, qurultayda qəbul olunan qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər xüsusilə mühüm yer tutub.

Rektor müasir dünyada gedən qloballaşma şəraitində hər bir xalqın öz milli varlığını, adət-ənənələrini, milli mənəvi dəyərlərini qoruyub saxlamasının vacibliyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərovun “Birinci Türkoloji Qurultay və müasir türk dünyası”, professor Buludxan Xəlilovun “Birinci Türkoloji Qurultay: dünənin, bu günün, sabahın türkoloji hadisəsi” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi əlaqələrinin inkişafında rolundan danışılıb.

Sonra konfrans işini bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında ümumilikdə 31 məruzə dinlənilib, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.