ELM VƏ TƏHSİL
ADPU-da “İnsan və zaman” mövzusunda elmi-praktik konfrans
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “İnsan və zaman” mövzusunda respublika elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ADPU-nun rektoru, professor Yusif Məmmədov tədbirin Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına uyğun təşkil olunduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, Xalq Şairi Bəxtiyar Vahabzadə təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda ictimai xadim, mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və başqa dillərə tərcümə edilib.
Konfransda ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilovun “Bəxtiyar Vahabzadə: düşündürən şair, həssas pedaqoq, dil və ədəbiyyat qayğıkeşi”, professor Ramazan Qafarlının “Bəxtiyar Vahabzadə: sənəti və şəxsiyyəti”, professor Təyyar Salamoğlunun “Bəxtiyar Vahabzadə - milli istiqlal tariximizin salnaməçisi” mövzularında məruzələri dinlənilib.
Sonda tələbələr Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunan bədii kompozisiya göstəriblər.