QAN YADDAŞI
ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan və ingilis dillərində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə azərbaycanlıların soyqırımını əks etdirən kitab sərgisi ilə tanış olublar. Sonra milli hərbi geyimli oğlan və tələbə qızlar Azərbaycanın dövlət himnini oxuyublar.
Filologiya fakültəsi tələbələrinin hazırladıqları “Vətən oğulları” adlı ədəbi-bədii tədbirdə tarixi keçmişimizlə bu günümüz arasında bir körpü yaradılıb. Böyük sərkərdələr Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Şah İsmayıl Xətai ilə bağlı məlumatlar səsləndirilib. Tələbələr xalq şairləri Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Zəlimxan Yaqubun, Qabilin və digər böyük söz ustadlarımızın tariximizi, milli varlığımızı, azadlıq, müstəqillik duyğularımızı, dövlət rəmzlərimizi, vətənpərvərliyi, qələbəyə olan inamımızı təbliğ edən şeirlərini səsləndiriblər, Qarabağ müharibəsini, Xocalı soyqırımını əks etdirən səhnələr ifa ediblər.
Sonda filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov belə tədbirlərin tələbə-gənclərin tariximizi dərindən öyrənmələrində, milli ruhda, əsl vətəndaş kimi tərbiyə olunmalarında mühüm rol oynadığını bildirib.