ELM VƏ TƏHSİL
ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılır
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin ikinci mərhələsi başlanıb.
ADPU –dan AZƏRTAC-a bildirilib ki, alternativ əsaslarla keçiriləcək müsabiqənin məqsədi universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, geniş dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə insan resursları şöbəsi tərəfindən aprelin 25-dən universitetdə əməkdaşların bilik və peşəkarlıq səviyyəsinin yoxlanılmasına başlanılıb. Məqsəd onların peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsidir. Ümumilikdə 247 nəfərin cəlb olunduğu yoxlama iki mərhələdə aparılacaq. Birinci mərhələdə hər bir qrupu 14 nəfərdən ibarət olan tədris-yardımçı heyətin informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqları müəyyən olunacaq. Növbəti həftə keçiriləcək ikinci mərhələdə isə onların elmi-nəzəri bilik səviyyələri, qanunvericiliklə bağlı bilikləri, məntiqləri, dünyagörüşləri yoxlanılacaq.