ELM VƏ TƏHSİL


ADPU-da vakant vəzifələrin tutulması üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

Bakı, 14 iyul, Xatirə Cəfərova, AZƏRTAC

İyulun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov iclasın gündəliyinə kafedralarda tədris edilən fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri, yay semestrinin təşkili və filologiya fakültəsinin fəaliyyəti haqqında məsələlərin daxil olduğunu bildirib.

Universitetin insan resursları şöbəsinin müdiri, hüquq elmləri namizədi, dosent Avtandil Bayramov kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin gedişi və nəticələri haqqında məlumat verib. Qeyd olunub ki, müsabiqəyə çıxarılan 114 yerdən 112-si tutulub. İki yer üzrə - məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin korreksiyaedici təlim kafedrasında görmə və eşitmə funksiyalarının psixologiyası fənni və ümumi psixologiya kafedrasında psixologiyanın əsasları və psixoanaliz fənni üzrə müsabiqə baş tutmayıb. Müsabiqənin nəticələrinə əsasən, qalib gələn 112 nəfərdən 12-si professor, 45-i dosent, 44-ü baş müəllim, 11-i isə müəllimdir. Qalib gələnlərin 100 nəfəri ADPU-nun əməkdaşları, 12 nəfəri isə kənar yerlərdən iştirak edənlərdir.

Elmi Şura üzvləri Avtandil Bayramovun müsabiqənin nəticələri haqqında məruzəsini müsbət qiymətləndirərək yekdilliklə qəbul ediblər.

Sonra müsabiqədə qalib gələn 112 müəllimlə 5 tədris ili müddətinə əmək müqaviləsi bağlanıb və onlara beşillik sertifikatlar təqdim edilib.

Fizika və texnologiya fakültəsinin professoru Edil Eyvazov, tarix və coğrafiya fakültəsinin professoru Xəqani Məmmədov müsabiqənin şəffaf və obyektiv keçdiyini vurğulayıblar, namizədlərə bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaratdığı şəraitə görə ADPU-nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Rektor C.Cəfərov qalibləri təbrik edərək onlara tədris və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.