ELM VƏ TƏHSİL


ADPU-da yaz semestrinin imtahan sessiyası başlayıb

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaz semestrinin imtahan sessiyası başlayıb.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov iyunun 5-də auditoriyalarda olaraq imtahan prosesini müşahidə edib, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib, tələbələrə uğurlar arzulayıb.

Yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apelyasiya Komissiyası, həmçinin fakültələr, magistratura və doktorantura şöbəsi üzrə münaqişə komissiyaları yaradılıb, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib. Sessiyanı obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, imtahanların keçirilməsi üçün lazımi sənədlər tələblərə uyğun hazırlanıb. Sessiyanın təşkil edilməsi və keçirilməsi üçün imtahan qrupu, eyni zamanda, imtahan qərargahı yaradılıb.

Qeyd edək ki, builki tədris ilində ADPU-ya qəbul olunmuş birinci kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektivliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. Yuxarı kursların tələbələri isə Kompüter Mərkəzində elektron-test üsulu ilə imtahan verirlər. Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. İmtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun internet saytına yerləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.