CƏMİYYƏT


ADPU-nun baza məktəbi: yeni inkişaf istiqamətləri

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) baza məktəbi müəyyən olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən tədbirdə təhsil naziri Mikayıl Cabbarovun ADPU-nun baza məktəbi barədə ımzaladığı əmrindən irəli gələn vəzifələrin həlli ilə bağlı məsələlər müzakirə olunub.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov vurğulayıb ki, təhsil nazirinin bu əmri ölkəmizdə ardıcıl həyata keçirilən təhsil islahatlarının, eləcə də yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması prosesinin tərkib hissəsidir və nəticə etibarilə təhsilin keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Əmrə əsasən, qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərini əhatə edən fəaliyyət planı hazırlanmalıdır.

Rektor bildirib ki, ADPU-nun filialları və bu ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci də 7 nömrəli tam orta məktəblə sıx əməkdaşlıq etməli, bu prosesin fəal iştirakçısı olmalıdır. Biz bütövlükdə ADPU-dakı fəaliyyətimizi qabaqcıl dünya təcrübəsinə uyğun qurmalı, yeni təşəbbüslər, təkliflər, mütərəqqi ideyalar irəli sürməliyik.

İclasda ADPU-nun elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov və digər çıxış edənlər işgüzar əlaqələrin qurulmasının vacibliyini vurğulayıblar. Baza məktəbin mahiyyəti, funksiyaları, birgə fəaliyyətin forma və istiqamətləri, əməkdaşlıq zamanı əsas hədəflərin müəyyənləşdirilməsi, orta məktəblə ali məktəb arasında varisliyin qorunması, gənclərin peşəyönümü ilə bağlı işin qurulmasının zəruriliyi qeyd olunub. Tədbirdə Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin qabaqcıl müəllimlərinin ADPU-nun iclas və seminarlarında iştirak etmələri, bu orta təhsil müəssisəsində ustad dərslərinin keçirilməsi, birlikdə proqram və metodik vəsaitlərin hazırlanması, müsabiqələrin, olimpiadaların, elmi-praktik konfransların və digər tədbirlərin təşkili, tədris proqramlarının kurikulum əsasında yenidən yazılması, müştərək elmi-tədqiqatların aparılması, universitetin alim-mütəxəssisləri tərəfindən məktəbin müəllimləri üçün elektron dərsliklərin, elektron lövhələrin hazırlanması, innovativ orta məktəb modelinin yaradılması və s. təkliflər səsləndirilib.

Professor C.Cəfərov tədbirdə səslənən fikir və təkliflərin birgə fəaliyyət zamanı hər iki tərəf üçün faydalı olacağını, qarşıya qoyulan hədəflərə nail olunmasına səmərəli təsir edəcəyini bildirib, bu işə sistemli və kompleks yanaşmanın vacibliyini vurğulayıb.

İclasda hər iki təhsil müəssisəsinin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.