ELM VƏ TƏHSİL
ADPU-nun riyaziyyat və informatika fakültəsi hesabat verib
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) elmi şurasının iclası keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda 2014-cü ildə təsdiq edilmiş tədris planlarına uyğun pedaqoji təcrübənin təşkili, ADPU-nun Quba filialının, həmçinin riyaziyyat və informatika fakültəsinin fəaliyyəti barədə hesabat məruzələri dinlənilib və qəbul edilib.
Rektor Cəfər Cəfərov ADPU-nun üzv olduğu Avropa Müəllim Hazırlığı Şəbəkəsinin (ETEN) xətti ilə İsveçdə iştirak etdiyi beynəlxalq tədbir, elmi işlər üzrə prorektor, professor Asəf Zamanov isə Ufa şəhərində Rusiya və Azərbaycan ali təhsil müəssisələri Assosiasiyasının ikinci Forumunda iştirakı barədə məlumat veriblər. Qeyd olunub ki, forum çərçivəsində Başqırdıstan Dövlət Pedaqoji Universiteti ilə ADPU arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
Sonra fakültə dekanları və kafedra müdirlərinin müsabiqəsinin keçirilməsi üçün yaradılan komissiyanın tərkibi təsdiq edilib.
İclasda cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.