ELM VƏ TƏHSİL
ADU-da “Açıq qapı günü” keçirilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Konfutsi İnstitutları Gününə həsr olunmuş “Açıq qapı günü” keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov bu ali məktəbin fəaliyyətinin əsas istiqamətlərindən danışıb. “Bir kəmər, bir yol” konsepsiyasının əsas məqsədinin trans-Avrasiya iqtisadi və nəqliyyat dəhlizlərinin yaradılması olduğunu söyləyən R.Abbasov bu təşəbbüsün həyata keçirilməsində Azərbaycanın iştirakını xüsusi vurğulayıb.
Konfutsi İnstitutunun Çin tərəfindən müdiri Li Jinhua Çin dili kurslarına qəbul qaydaları, təlimlər və test mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Tədbir iştirakçıları Konfutsi İnstitutunun kitabxana fondu, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafında fəaliyyətlərinə həsr edilən kitablarla tanış olublar.
Tədbir çərçivəsində Çin dilində olan ədəbiyyat və materialların sərgisi də keçirilib. ADU-nun nəzdindəki Konfutsi İnstitutunun əməkdaşları Çinin xəttatlığı, kağız kəsimi və incəsənəti sahəsində dərslər veriblər.
Sonda ənənəvi Çin çay mərasimi təşkil edilib.