ELM VƏ TƏHSİL
ADU-da Çin Kommunist Partiyasının yaranmasının 95-ci ildönümünə həsr olunan seminar keçirilib
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Kommunist Partiyasının yaranmasının 95-ci ildönümünə həsr olunmuş “İpək Yolu iqtisadi kəməri” proqramının həyata keçirilməsində Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının rolu” mövzusunda elmi seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, seminarda ADU-dakı Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında hərtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, Prezident İlham Əliyevin bu yaxınlarda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyini xatırladıb.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Ülkər Əliyeva Yaxın Şərqdə Çinin iqtisadi siyasətinin xüsusiyyətləri barədə danışıb.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan və Çinin iki hakim partiyasının iqtisadi siyasəti, iki dövlət arasında siyasi əməkdaşlıq və partiyalararası dialoqun uğurlu inkişafı, “İpək Yolu iqtisadi kəməri” proqramının həyata keçirilməsində partiyaların rolu, “İpək Yolu iqtisadi kəməri” və “XXI əsrin Dəniz İpək Yolu” layihələrini birləşdirən mədəni, elmi və tələbə mübadiləsinin genişləndirilməsinə yönəlmiş “Bir Kəmər, Bir Yol” konsepsiyasının məqsədləri barədə məlumat veriblər.
Digər çıxış edənlər də ADU-nun nəzdində Konfutsi İnstitutunun Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətinin Çin mədəniyyəti ilə tanışlığı məqsədi daşıyan “Bir Kəmər, Bir Yol” konsepsiyasının həyata keçirilməsində elmi-tədqiqat işlərinin aparılmasına töhfə verəcəyini vurğulayıblar.