ELM VƏ TƏHSİL
ADU-da Çin Yeni il bayramı
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni ili – Bahar bayramı qeyd olunub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov universitetdə çinşünaslıq üzrə elm və tədris sahələrində aparılan işlərin uğurlu inkişafından danışıb. Ötən il ADU-da Konfutsi İnstitutunun açılış mərasiminin keçirildiyini xatırladan R.Abbasov Çinin “Bir kəmər və bir yol” qlobal iqtisadi layihəsi çərçivəsində elmi araşdırmaların aparıldığını, eyni zamanda, Prezident İlham Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına yönələn çoxcəhətli fəaliyyəti barədə “İlham Əliyev - iki qədim xalqın müasir varisi (2003-2016)” kitabının Çin və Azərbaycan dillərində yenidən nəşr olunduğunu deyib. Diqqətə çatdırılıb ki, ötən il ADU ilə Çinin universitetləri arasında tələbə və müəllim mübadiləsi genişlənib, Çin dili və onun tarixi, mədəniyyəti, eləcə də Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi əməkdaşlıq sahəsində elmi tədqiqatlar aparılıb, seminarlar təşkil olunub.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri, Konfutsi İnstitutunun əməkdaşları rəngarəng bədii proqramlarla çıxış ediblər. Onlar Çin Yeni ilinin tarixindən, ənənələrindən danışıb, bayrama həsr olunan şeirlər söyləyiblər.
Tədbirdə, həmçinin “12 bürc”, “Yeni il”, “Ailə”, “Birlik”, “Yasəmən” Çin mahnıları, “Şir rəqsi”, milli uyğur rəqsləri ifa olunub.